Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Kamran Şükürzadənin cinayət işində zərərçəkmişlər dindirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Etibar Şükürzadə ifadə verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxsin atasıdır:
"Səhər saatlarında durub işə getdim. Mənə qonşular zəng edib hadisə barədə məlumat verdilər. Hadisənin baş verməsi məni şoka saldı. Çünki hər şey qaydasında idi. Yeməyi içməyi vaxtı vaxtında idi. Düzü, oğlum yoldaşı ilə boşanmışdı. Bu amil də təbii ki, onun səhhətinə və psixologiyasına mənfi təsir göstərdi. Onun yoldaşı qardaşının əsgərlikdən gəldiyini bəhanə edərək rayona getdi və qayıtmadı. Bu cinayətə əl atmasına səbəb öz boşanma məsələsində anasını günahkar bilməsidir.
Oğlumdan epilepsiyanın bir növü var idi".
Daha sonra təqsirləndirilən şəxsin bacısı Nigar Şükürzadə zərərçəkmiş qismində dindirilib. O, qısa ifadə verərək, qardaşından heç bir şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Kamran Şükürzadə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsində birlikdə yaşadığı anası Aybəniz Şükürova ilə ailədaxili münaqişə yaşayır. Anası oğluna təhqir dolu, eləcə də onun tüfeyli həyat tərzi yaşamasına irad bildirir. Kamran Şükürzadə bu münaqişədən hiddətlənərək anasını xüsusi amansızlıqla öldürmək qərarına gəlir.
Belə ki, o, evin həyətində təmizlik işləri görən anasına yaxınlaşıb ümumilikdə 25 bıçaq zərbəsi vuraraq onu xüsusi amansızlıqla qətlə yetirir.
Daha sonra Kamran Şükürzadə könüllü şəkildə polisə təslim olub və o, şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli