Bir müddətdir ətin qiymətində artım müşahidə edilir. Belə ki, mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat artım olduğu qeyd edilir.

Bəs görəsən, ətin qiymətindəki bahalaşmanın səbəbi nədir?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev "Unikal"a açıqlamasında bildirib ki, qış aylarında ətin qiymətinin artırılmasını tələbatla əlaqələndirmək olar. 

Onun sözlərinə görə, yaz-yay aylarından fərqli olaraq qışda heyvandarlıq məhsulları, xüsusilə ət məhsulları daha çox istifadə olunur:

"Digər tərəfdən, bazarlarda yemin qiymətlərinin artması, daşınma xərclərinin yüksəlməsi və digər ərzaq məhsullarının bahalaşması ilə əlaqəlidir. Bahalaşmada işbazların, alverçilərin rolu da böyükdür. Bir çox hallarda onların özləri bazarda süni bahalaşma yaradırlar. Rayonlardan alıb gətirdikləri mal-qaranı daha yüksək qiymətə satmaq istəyirlər. Bu da şəhərdə qiymət artımına səbəb olur. 

Digər məsələ isə kiçik və orta sahibkarların bazara çıxışında çətinliklərin olmasıdır. Belə ki, həmin sahibkarlar özləri mal-qaralarını bazara çıxarıb sata bilmirlər. Onlar üçün müəyyən maneələr yaranır. Onlar da yerlərdə öz heyvanlarını aşağı qiymətə alıcılara verirlər. Hesab edirəm ki, yaz aylarında bu bahalaşma səngiyəcək. Digər kənd təsərrüfatı məhsulları bazara çıxarılacaq və bahalaşma aradan qaldırılacaq".

Anar Kəlbiyev