Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 2-dən 5-dək Yaxın Şərqə və Türkiyəyə səfər edəcək.
"Unikal" xəbər verir ki, Almaniya dövlət başçısı bölgəyə səfərinə fevralın 2-də Səudiyyə Ərəbistanından başlayacaq. Frank-Valter Ştaynmayerin Səudiyyə Ərəbistanına ötən ilin noyabrında planlaşdırılan səfəri Almaniyada koalision hökumətin dağılmasından sonra təxirə salınmışdı.
Almaniya Prezidenti Ər-Riyadda bu ölkənin beyin mərkəzlərinin nümayəndələri və Krallığın Nazirlər Şurasının Sədri, Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşəcək və Kral Salman parkını ziyarət edəcək.
Prezident Frank-Valter Ştaynmayer fevralın 4-də İordaniyada olacaq, “İraqda İŞİD-ə qarşı mübarizə/potensialın gücləndirilməsi" çərçivəsində buradakı 18-ci Almaniya kontingentini ziyarət edəcək. Səfər çərçivəsində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn ilə görüş də nəzərdə tutulub.
Almaniya Prezidenti bölgəyə səfərini fevralın 5-də Türkiyəni ziyarət etməklə başa çatdıracaq. Qısa səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayerin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü planlaşdırılıb.