Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba-Xaşmaz iqtisadi rayonunda fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssələrinin fəaliyyəti ilə tanış olub.
"Unikal" xəbər verir ki, Xaçmaz rayonunda “FA Valley” MMC, “Xaçmaz- Şərab” ASC, Şabran rayonunda isə “Merit Brand” MMC şərab istehsalı müəssələri ilə tanış olan nazirə müəssələrin mövcud vəziyyəti, istehsalda istifadə olunan texnoloji avadanlıqlar və istehsal olunan məhsullar, rəqabətə davamlı şərab istehsalının artırılması, xarici bazarlara məhsul ixracı imkanları barədə məlumat verilib.
Müəssisələrdə keçirilən görüşlərdə istehsal zamanı meydana çıxan çətinliklər, ixrac imkanlarının artırılması üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübənin digər istehsalçılara ötürülməsi, bu sahədə kadr potensialının gücləndirilməsi, Azərbaycan Dövlət Aqrar Universitetinin şərab istehsalı müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra nazir Məcnun Məmmədov Siyəzən rayonunda faliyyət göstərən “Siyəzən broyler” ASC-nin fəaliyyəti ilə tanış olub, quş əti istehsalında müasir texnologiyaların tətbiqi ilə maraqlanıb. Nazirə müəssisədə bütün istehsalat zəncirinin beynəlxalq qida təhlükəsizliyini idarəetmə sistemlərinə uyğunlaşdırıldığı, sanitar-gigiyenik və qida təhlükəsizliyi qaydalarına uyğun toyuq əti istehsal olunması, məhsulların sertifikatlaşması prosesi barədə ətraflı məlumat verilib.