Ağstafa RİH başçısının rayonun Qaçaq Kərəm və Göycəli kənd tam orta məktəb binalarında keçirdiyi növbəti səyyar qəbullarda yerli hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilatları təmsil edən məsul şəxslər, eyni zamanda, həmin kəndlərin sakinləri iştirak ediblər.

"Unikal" xəbər verir ki, səyyar qəbullarda çıxış edən RİH başçısı qeyd edib ki, hər kəs ölkəmizin bütün sahələrində artan uğurlarına diqqət yetirdikdə Prezident İlham Əliyevin müdrik və qətiiyyətli rəhbərliyini açıq-aydın görür. Azərbaycan 30 ildən artıq işğal altında qalan torpaqlarında tam suverenliyini bərpa etməklə Cənubi Qafqazda davamlı sülh, sabitlik və regional rifah üçün tarixi fürsət yaratmışdır. Hazırda dünyanın geosiyasi mənzərəsinin heç də ürəkaçan olmadığı bir zamanda regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır və daha da möhkəmləndirir. Ölkəmizin sabitlik modeli bir çox dövlətlər tərəfindən nümunə kimi qəbul olunur. Seymur Orucov vətəndaşlarla görüşlərin və səyyar qəbulların əhəmiyyətindən də söz açaraq bildirib ki, başlıca məqsəd əhalini narahat edən məsələləri dərindən araşdırmaq və operativ həllinə nail olmaqdan ibarətdir. Vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da hər kəs yaşadığı ünvanı tərk etmədən rahat şəkildə istənilən məzmunlu müraciətini aidiyyəti üzrə ünvanlaya bilər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib. Həmçinin yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.