Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibinin təsdiqlənməsi barədə 16 oktyabr 2006-cı il tarixli, Azərbaycanla Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın tərkibi haqqında 7 fevral 2008-ci il tarixli, Azərbaycanla Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi haqqında 22 may 2008-ci il tarixli, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın yeni tərkibinin təsdiq edilməsi barədə 11 iyun 2008-ci il tarixli və Azərbaycanla Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın tərkibi haqqında 13 may 2011-ci il tarixli sərəncamlarında dəyişiklik edib.
"Unikal" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Belarusla birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri vəzifəsi deputat Əli Əhmədovdan baş nazirin müavini Samir Şərifova ötürülüb;
Tacikistanla birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri vəzifəsi hazırda boş olan ekologiya və təbii sərvətlər nazirindən S.Şərifova ötürülüb, eləcə də ekologiya və təbii sərvətlər nazirini müavini və Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri komissiyanın tərkibinə daxil edilib;
Qırğızıstanla birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri vəzifəsi deputat Ə.Əhmədovdan S.Şərifova ötürülüb, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini komissiyanın tərkibinə daxil edilib;
Səudiyyə Ərəbistanı ilə müştərək komissiyanın tərkibinə Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri daxil edilib;
Çexiya ilə qarışıq komissiyanın Azərbaycan tərəfdən həmsədri vəzifəsi bir qədər əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri təyin edilmiş Sahib Məmmədovdan iqtisadiyyat nazirinin müavini Anar Axundova ötürülüb.