"İğdır-Naxçıvan qaz kəməri regionun enerji təhlükəsizliyinə töhfə verəcək. Həmçinin, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın mavi qaza olan tələbatının bir mənbədən asılılığının aradan qaldırılması baxımından vacibdir".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, kəmər vasitəsilə Naxçıvana ildə 750 milyon kubmetrə yaxın mavi qaz nəql ediləcək, daha sonra mavi qazın illik həcmi iki dəfə artırılacaq, bu da Naxçıvanın artan tələbinin ödənilməsinə imkan yaradacaq. 

"Kəmərin əsas üstünlüyü Naxçıvanda mavi qaza olan tələbin fasiləsiz ödənilməsinin təmin edilməsi və Naxçıvanın enerji təhlükəsizliyinin formalaşdırılmasıdır. Bundan əlavə, Naxçıvan tam olaraq mavi qazı qardaş Türkiyə vasitəsilə alacaq. Bu da asılılığı aradan qaldırmış olacaq. Digər tərəfdən, bu cür kəmərlərin çəkilməsi regionda enerji təminatı baxımından vacibdir. Hətta bu layihə bütövlükdə regionun enerji təhlükəsizliyinə töhfə kimi qiymətləndirilir. Gələcəkdə, xüsusilə, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra region üçün xüsusi töhfəsi olacaq. Kəmər həm də Azərbaycan və Türkiyə arasında münasibətlərin dərinləşməsini göstərən əsas layihələrdən biri kimi çıxış edəcək.

Qeyd edək ki, ötən gün Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Anar Kəlbiyev