"İpoteka kreditləşməsinin təkmilləşdirilməsi ilə bağlı təqdim olunan təkliflər təqdirəlayiqdir. Bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.

"2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı", - deyə deputat bildirib.

Anar Kəlbiyev