Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, o, finalda italiyalı Aurora Russoyla qarşılaşıb.
U-20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan G.Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı idmançı debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub.
Əsmər Cankurtaran (50 kq) isə türkiyəli Songül Kavakla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn həmyerlimiz bürünc medala sahib çıxıb.
XXX
21:58
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
"Unikal" xəbər verir ki, o, italiyalı Mariya Feroneyə (11:0) və ispaniyalı Karla Solerə (12:0) tam üstünlüklə qalib gələrək finala adlayıb.
Təmsilçimiz sabah həlledici mərhələdə rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşacaq.
Gültəkin Şirinova (57 kq) 1/4 finalda belaruslu Arina Martinavaya 2:10 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün o, sabah təsəlliverici görüşdə türkiyəli Əminə Çakmakla güləşəcək.
Ruzanna Məmmədova (65 kq) əvvəlcə polşalı Olqa Padoşiki (6:3), daha sonra isə rusiyalı Yekaterina Koşkinanı (8:6) mübarizədən kənarlaşdırıb. Ruzanna yarımfinalda belaruslu Kseniya Tsiareniyaya 1:3 hesabıyla məğlub olub. Məmmədova sabah bürünc medal uğrunda Oleksandra Rıbak (Ukrayna) – Beyza Akkuş (Türkiyə) görüşünün qalibiylə üz-üzə gələcək.
Birgül Soltanova (62 kq) isə 1/4 finalda fransalı İris Tibuya 1:3 hesabıyla məğlub olub.