ABŞ prezidenti Donald Trampla danışmaq üçün Vaşinqtona uçduğunu deyən amerikalı təyyarədə asayişi pozduğuna görə həbs edilib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, insident Kanzas ştatının Viçita şəhərindən Vaşinqtona gedən "American Airlines 5574" saylı reysində baş verib. Ronald Reyqan hava limanına enməzdən bir müddət əvvəl Texas sürücülük vəsiqəsi olan Asterius Mutayoba Rulamka adlı sərnişin pozucu və aqressiv davranışlar sərgiləyib. 

Həmin şəxs oturacağından ayrılaraq təyyarənin arxasına keçib və orada stüardessanı söyməyə başlayıb. Daha sonra Rulamka hadisəni kameraya çəkən sərnişinə hücum edib və onu bir neçə dəfə vurub. Rulamka, stüardessanı da vurmağa çalışsa da, o, bundan yayınmağı bacarıb.

Bundan sonra xuliqan stüardessalar və üç sərnişin onu əyləşdirənə qədər salonda qaçmağa başlayıb. Xuliqanlıq edən şəxs dindirilmə zamanı FTB agentləri tərəfindən tutulub. O, Donald Trampla görüşmək üçün Vaşinqtona gəldiyini bildirib və “qəzəbli” olduğunu söyləyib.