Argentinanın paytaxtı Buenos-Ayresdə əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi başlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Maradonanın müalicəsinə cavabdeh olan 7 tibb işçisi "qəsdən adam öldürmə ehtimalı" ittihamı ilə mühakimə olunur.

Müttəhimlər arasında neyrocərrah Leopoldo Luke, psixiatr Aqustina Kosaçov və digər tibb işçiləri var. Prosesdə 120-yə yaxın şahidin dinləniləcəyi gözlənilir və təqsirli bilinərsə, müttəhimləri 8 ildən 25 ilədək həbs cəzası gözləyir.

Məhkəmədə çıxış edən prokuror Patricio Ferrari Maradonanın ölüm yatağında olan fotosunu təqdim edərək diqqət çəkib. Belə ki,  o, əlindəki sübutu hakimə göstərərək, "Maradona belə öldü. Əgər kimsə sizə Dieqonun başına gələnləri görmədiyini söyləyirsə, yalan danışır", - deyib. 

Prokurorun göstərdiyi fotoşəkildə Maradonanın qarnının şişdiyi və ətrafında heç kimin olmadığı görülüb.

Futbol tarixinin ən yaxşı oyunçularından biri olan Maradona 2020-ci ilin noyabrın 25-də Argentinanın Buenos-Ayres əyalətinin Tiqre şəhərində xroniki ürək çatışmazlığı səbəbindən vəfat edib.

Gülayə Mecid