Türk Dövlətləri Təşkilatının (TDT) yenilənmiş bayrağına keçidin rəsmi olaraq tamamlanması münasibətilə təşkilatın İstanbuldakı qərargahının önündə bayraq qaldırma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xarici işlər nazirlərinin müavinləri, eləcə də Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov iştirak ediblər.
Tədbirdə çıxış edən TDT-nin baş katibi yenilənmiş bayraqdakı səkkizguşəli ulduzun yüz illərdir mövcud olan türk dövlətçilik ənənəsi, birliyi və gücünü ifadə etdiyini bildirib.
Türk-İslam ənənəsinə görə, səkkizguşəli ulduzun müdriklik rəmzi olduğunu vurğulayan Ömüralıyev deyib: “Bu bayraq qardaşlığımızın gücünü, əməkdaşlığımızın dərinliyini və birgə qurduğumuz parlaq gələcəyi təmsil edir, Türk dünyasında formalaşan imkanların artırılması və əməkdaşlığın gücləndirilməsi istiqamətində qətiyyətimizin göstəricisidir”.
Tədbirdə çıxış edənlər ötən il noyabrın 6-da Bişkekdə keçirilən Dövlət Başçıları Şurasının XI Zirvə görüşünü xatırladaraq bu toplantını Türk dünyasının inteqrasiyasını dərinləşdirəcək qərarların qəbulu baxımından ortaq fəaliyyətimizin dönüm nöqtəsi kimi qiymətləndiriblər.
Bildirilib ki, Zirvə görüşündə qəbul edilən simvolik baxımdan əhəmiyyətli qərarlardan biri də yenilənmiş TDT bayrağının qəbulu olub və bu bayraq bütün üzv dövlətlərin, eləcə də Türk xalqlarının ortaq dəyərlərini əks etdirəcək şəkildə yenilənib.
Sonra baş katib və nazir müavinləri yenilənmiş TDT bayrağını qaldırıblar.