Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Novruz şənliyi keçirilib.
"Unikal" xəbər verir ki, bayramla əlaqədar parkın hər guşəsi Novruz atributları ilə bəzədilib, məktəblər və bağçalar öz stendləri ilə qonaqları sevindirib. Baharın gəlişindən, təbiətin oyanışından xəbər verən səməni və insanları birliyə, mehribanlığa, şadlığa dəvət edən bayram tonqalı şənliyə xüsusi sevinc qatıb. Dədə Qorqud və Bahar qızı iştirakçıları təbrik edib, Novruzun əsas personajları olan Keçəl və Kosa uşaqları əyləndirib, onlarla oyunlar oynayıb, hədiyyələr paylayıblar.
Tədbirdə bildirilib ki, 30 il əsirlikdə qalan müqəddəs torpaqlarımız düşmən tapdağından azad edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Qələbə qazandığımız Vətən müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqu, daha möhtəşəm qeyd edir.
Bayram şənliyinin məşəlini alovlandırmaq üçün Vətən müharibəsi iştirakçıları meydana daxil olub və şəhid övladları ilə birgə tonqal qalayıblar. Meydanın mərkəzində alovlanan tonqalın ətrafında dövrə edən milli geyimli iştirakçılar hər kəsi parkda yaradılan Novruz guşələrini gəzməyə dəvət edib.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə birgə park gəzintisinə çıxıb. Burada xalq oyunları, milli rəqslər, Vətənimizi tərənnüm edən musiqilər, Keçəllə Kosanın məzəli əhvalatları abşeronluların bayram əhvali-ruhiyyəsinə əlavə rəng qatıb.
Daha sonra açıq havada konsert proqramı təqdim edilib. Respublikamızın tanınmış incəsənət nümayəndələrinin ifasında mahnılar oxunub. Şəhid övladları rəqs nömrələri ilə çıxış ediblər.