Meksikada qastrol səfərində olan "DJ King" ləqəbli kolumbiyalı müğənni Bayron Sançes və Xorxe Luis Herrera ölü tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 16-dan itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın meyitləri paytaxt Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan qəsəbəsində tapılıb.

Mexiko Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başladığını elan edib. Mətbuat sənətçilərin ölümünün narkotik alveri ilə bağlı ola biləcəyini yazıb.

Kolumbiya prezidenti Qustavo Petro sənətçilərin ölümündə beynəlxalq mafiyaları və narkotik tacirlərini günahlandırıb. 

Sançes və Herreranın sonuncu dəfə sentyabrın 16-da Mexiko şəhərinin Polanko rayonunda idman zalından çıxarkən görüldüyü bildirilir.  Həm ailələr, həm də prezident Petro Kolumbiyada yüksələn ulduzlar olan və səhnə performansları ilə diqqət çəkən Sançes və Herreranı tapmaq üçün Meksika səlahiyyətlilərinə müraciət etmişdilər. Meksika prezidenti Klaudiya Şeynbaum da gənc müğənnilərin tez bir zamanda tapılması üçün lazımi göstərişlər verib.