Bu gün UEFA Millətlər Liqasında 1/4 finalın ilk oyunları keçirilib.

"Unikal" xəbər verir ki, bu mərhələdə yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri üz-üzə gəlib. 

1/4 finalın Xorvatiya - Fransa matçı Azərbaycan millisinin azarkeşləri üçün də maraqlı olub. Çünki hər iki komanda hazırda Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində potensial rəqibidir. Məhz bu cütün qalibi Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olacaq.

Xorvatiiya və Fransa arasındakı ilk görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyun Xorvatiyanın Split şəhərində təşkil olunub.

Bu gün həmçinin Portuqaliya Danimarkaya, İtaliya Almaniyaya uduzub. İspaniya isə Niderlandla heç-heçə edib.

20 mart

23:45. Niderland - İspaniya - 2:2

Qollar: Qakpo, 28, Reynders, 46 - Uilliams, 9, Merino, 90+3

Qırmızı vərəqə: Hato, 82 (Niderland)

23:45. Xorvatiya - Fransa - 2:0

Qollar: Budimir, 26, Perişiç, 45+1 

23:45. Danimarka - Portuqaliya - 1:0

Qol: Hoylund, 78

23:45. İtaliya - Almaniya - 1:2

Qollar: Tonali, 9 - Kleyndienst, 49, Qoretzka, 76

Millətlər Liqasının 1/4 finalının cavab görüşləri martın 23-ü keçiriləcək. Qalib iyunda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal və final bir oyundan ibarət olacaq.

Final mərhələsini İtaliya - Almaniya cütünün qalibi olan ölkə qəbul edəcək.