Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul meriyasında korrupsiya faktları ilə bağlı araşdırmadan sonra keçirilən küçə etirazlarının müxalifətin cinayətlərin miqyasını ört-basdır etmək və ölkədə sabitliyi pozmaq cəhdi olduğunu deyib.
"Unikal" xəbər verir ki, bu barədə o, hakim partiya üzvləri qarşısında çıxış edən zaman söyləyib.
Ərdoğan etirazları “küçə terroru” adlandıraraq, etirazların diqqəti araşdırmadan yayındırmaq məqsədi daşıdığını deyib. Onun sözlərinə görə, hökumət şəhəri bürümüş korrupsiya şəbəkəsini ifşa edəcək.
O, hakim partiyanın müxalifətin “siyasi oyunlara” cəlb olunmasına imkan verməyəcəyini və Türkiyə xalqının etiraz təşkilatçılarının niyyətini anladığını və təxribatlara uymadığını bildirib.