"Enerji diplomatiyasının qlobal diqqət mərkəzinə çevrilən Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları 2025-ci ilin mühüm beynəlxalq tədbirlərindən biri kimi böyük önəm kəsb edir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Deputatın sözlərinə görə, Azərbaycanın təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə baş tutan bu toplantılar enerji təhlükəsizliyi, regional əməkdaşlıq və bərpaolunan enerji keçidi baxımından strateji əhəmiyyət daşıyır.
"Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışında bildirib ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. 3500 kilometrlik bu inteqrasiya olunmuş boru kəməri sistemi – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə – 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə Azərbaycan qazını çatdırır.
Enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqların tarazlaşdırılması beynəlxalq maliyyə institutlarının dəstəyi ilə mümkün olub. Şərqi Zəngəzur və Qarabağda artıq 270 meqavatlıq su elektrik stansiyası qurulub, yaxın illərdə bu rəqəm 500 meqavata çatdırılacaq. Beləliklə, 2030-cu ilə qədər Azərbaycanın bərpaolunan enerji istehsalı gücü 6,5 giqavata çatacaq. Avropaya uzanacaq yaşıl enerji kabeli layihəsinin texniki əsaslandırma mərhələsi yekunlaşmaqdadır. Layihə maliyyələşmə mərhələsinə keçdikdən sonra regionun enerji xəritəsində yeni səhifə açılacaq.
18 iyul 2022-ci il tarixində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” əsasında Avropaya qaz ixracı 60 faiz artaraq 13 milyard kubmetrə çatıb. Yaxın gələcəkdə bu həcmin daha da artacağı proqnozlaşdırılır.
İştirakçı sayı baxımdan rekord göstərici ilə yadda qalan builki tədbirdə 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti təmsil olundu. Nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələrin iştirakı, həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi və ticarəti üzrə II Nazirlər Görüşü kimi formatlar regional enerji inteqrasiyası baxımından mühüm platforma oldu.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 2015-ci ildən bəri davam edən fəaliyyəti və Yaşıl Enerji Məşvərət Şurasının qlobal yaşıl keçiddə rolu Azərbaycanın həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir".