Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardığı yoxlama nəticəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında fəaliyyət göstərən "Kaspian Prodakşn Layn" MMC-yə məxsus “CPL” və “Ağartı” əmtəə nişanlı süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular aşkarlanıb.

"Unikal" xəbər verir ki, sözügedən müəssisədə yararlılıq müddəti ötmüş süd məhsullarının təkrar qablaşdırılaraq yenidən satışa çıxarılması ilə bağlı daxil olan məlumat əsasında keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin pozulması faktları müəyyən edilib.

Belə ki, yoxlama zamanı müəssisədə kəsmiyin süzülməsi sahəsində istehlaka yararsız qatıq məhsulları, C₆H₇KO₂-Kalium sorbat (E202) qida əlavəsi aşkar edilib. Sözügedən qida qoruyucusunun istifadəsi ilə bağlı məhsulların resepturasında və etiket məlumatlarında isə hər hansı qeyd aparılmadığı müəyyən olunub. Qeyd edək ki, kalium sorbat məhsulun yararlılıq müddətini uzatmaq, bakteriyaların, kif və maya göbələklərinin qarşısının alınması üçün istifadə edilən qida əlavəsidir. 

Yoxlama zamanı eyni zamanda qida obyektində izlənmə sisteminin olmadığı, gigiyena qaydalarına əməl edilmədiyi, istehsal prosesində ardıcıllığının təmin edilmədiyi, çarpaz çirklənmənin baş verməsinin qarşısının alınmadığı məlum olub. Belə ki, müəssisə quru məhsul (xammal) anbarı ilə təmin edilməyib, xammal məhsulları və qablaşdırma materialları emal sahəsində saxlanılır. Məhsulların qablaşdırılması və etiketlənməsi emal sahəsində həyata keçirilir.

Bundan əlavə qida obyektinin soyuducu kamerasında mal qonşuluğu qaydalarının pozulması faktı müəyyən edilib. Müəssisənin həmçinin sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, divarlarların kif ilə örtüldüyü, həmçinin korroziya əlamətləri aşkarlanıb. İstehsal və yardımçı sahələrdə havalandırma sistemlərinin quraşdılmadığı, xüsusi dolabların təşkil edilmədiyi məlum olub.

Müəssisədə qatıq, xama, ərikli kəsmik, şor məhsullarından nümunə götürülərək laboratoriyaya təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək müəssisədə süd məhsullarının istehsalı ilə bağlı müvəqqəti məhdudiyyətin tətbiqi barədə qərar qəbul olunub.