Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikası Konstitusiyasının leksik-terminoloji sistemində millilik və beynəlmiləllik” mövzusunda gənclərlə görüş keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq videoçarx nümayiş olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası da məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ölkənin hüquqi-siyasi inkişafının əsasını qoymuşdur. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təkcə siyasi sabitlik və iqtisadi inkişaf deyil, eyni zamanda beynəlxalq aləmdə güclü mövqe qazanmışdır. Xüsusilə əldə edilən tarixi zəfərlər Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməklə, Konstitusiyada əks olunan prinsip və dəyərlərin reallıqda təsdiqinə çevrildi.

Çıxış edən BDU-nun Ümumi dilçilik kaferasının müdiri, Azərbaycan Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyası həm milli dövlətçilik prinsiplərinə, həm də beynəlxalq hüquq normalarına uyğun tərtib olunmuş ali hüquqi sənəddir. Onun leksik-terminoloji sistemi də bu iki istiqamətin – millilik və beynəlmiləlliyin – qarşılıqlı vəhdətini əks etdirir. Konstitusiyada istifadə olunan terminlərin bir qismi Azərbaycan xalqının dövlətçilik ənənələrinə, tarixən formalaşmış milli hüquq şüuruna əsaslanır. “Azərbaycan xalqı”, “müstəqillik”, “suverenlik”, “dövlət dili” kimi anlayışlar milli kimliyi və dövlətin milli əsaslar üzərində qurulduğunu vurğulayır. Bu terminlər Konstitusiyanın ideoloji ruhunu formalaşdırmaqda mühüm rol oynayır. Bu, Azərbaycan Respublikasının beynəlxalq hüququn subyekti kimi öz üzərinə götürdüyü öhdəlikləri, insan hüquqlarına və demokratik dəyərlərə sadiqliyini əks etdirir. Terminoloji baxımdan Konstitusiyada həm türk hüquq ənənələrindən gələn sözlər, həm də beynəlxalq hüquq sistemindən alınmış terminlər ahəngdar şəkildə istifadə olunur. Bu isə milli hüququn müasirliklə və qlobal hüquq sistemləri ilə sintezini təmin edir. Millilik – Konstitusiyanın ana dilində yazılması, milli mənəvi dəyərlərin qorunması, dövlət atributlarına verilən yer və xalqın birliyinə vurğu ilə ifadə olunur. Beynəlmiləllik isə insan hüquqlarının ümumbəşəri xarakter alması, beynəlxalq təşkilatlarla əməkdaşlıq və hüquqi harmonizasiya ilə bərqərardır. Beləliklə, Konstitusiyanın leksik-terminoloji sistemi milli dövlət quruculuğu ilə beynəlxalq hüquqi inteqrasiyanın uzlaşdırıldığı bir hüquqi modelin nümunəsidir. Bu harmonik yanaşma Azərbaycan dövlətçiliyinin həm müstəqil, həm də qlobal hüquq ailəsinə mənsub bir dövlət kimi inkişafını təmin edir.

Çıxışlardan sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.

Sonra YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini müvəffəqiyyətlə başa vuran fəal gənclərə sertifikatlar təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.