ABŞ-da ermənipərəst keçmiş senator Bob Menendezdən sonra onun həyat yoldaşı, erməni əsilli Nadine Menendez (Arslanyan) federal məhkəmədə münsiflər heyəti tərəfindən təqsirli bilinib.

"Unikal" xəbər verir ki, prokurorlar hər ikisi siyasi maraqları müdafiə etmək qarşılığında nağd pul, qızıl külçələr və bahalı avtomobil qəbul etməklə cinayət ortağı olmaqda ittiham ediblər. Keçmiş senatorun həyat yoldaşına qarşı hökm iyun ayında elan ediləcək. Həmin ay, həmçinin Bob Menendezin 11 illik azadlıqdan məhrum edilmə cəzasını çəkməsi üçün həbs olunması nəzərdə tutulub.

Qeyd edək ki, ötən il iyulun ortalarında Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Bob Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Bu ilin yanvarında onun 11 il azadlıqdan məhrum edilməsinə dair hökm oxunub.

2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur. Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət işidir. Əvvəlki məhkəmə istintaqı hakim heyətinin hökm çıxara bilməməsi səbəbindən yalnız araşdırma ilə nəticələnib.