Yay mövsümünün gəlişi ölkədə turizm sektorunda canlanma ilə müşahidə olunur ki, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) yerli sakinlərin, eləcə də rayonumuza gələn qonaqların istirahətinin daha yaxşı təşkil olunmasından ötrü Tədbirlər Planına uyğun olaraq fəaliyyətini davam etdirir.

"Unikal" xəbər verir ki, artıq rayonun bütün inzibati ərazi dairələri üzrə yollarda, eləcə də şəhər ərazisində yolboyu hasarlar rənglənib, ağac dibləri ağardılıb, ərazilər kol-kosdan təmizlənib, gül kolları və həmişəyaşıl ağaclar əkilib, sakinlərimizin rahat gediş-gəlişini təmin etmək məqsədilə səkilərə yeni tametlərin döşənməsi, deformasiyaya uğrayan səki daşlarının yeniləri ilə əvəzlənməsi və yeni bordurlərin qoyulması işləri isə davam etdirilir. 

Aprelin 23-də Lənkəran ŞİH-nin təşkilatçılığı ilə yerli sakinlərin və turistlərin ən çox üz tutduğu ərazilər olan Xəzər dənizinin Lənkəran rayonundan keçən bütün sahil zolağında dənizin ətraf mühitin çirklənməsindən qorunması, bioloji ehtiyatlarının mühafizəsi və bərpası, habelə vətəndaşlırımızın, rayonumuzun qonaqlarının daha rahat istirahəti məqsədilə iməclik təşkil olunub. Aksiyada şəhər İcra hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin, Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları iştirak ediblər.

İməclik zamanı Xəzər dənizinin sahilində yerləşən çimərlik sahələrinə atılan bərk məişət tullantıları, plastik qablar və polietilen torbalar ərazidən təmizlənib, aidiyyəti üzrə tullantı poliqonuna daşınıb, sakinlərimizin rahat hərəkəti üçün çimərlik ərazilərə gedən arayollar ağır texnikalar vasitəsilə hamarlanıb. 

Ümumilikdə 500 nəfərin iştirak etdiyi ekoloji aksiya zamanı çimərlik sahəsində yerləşən istirahət mərkəzləri ilə də zəruri maarifləndirmə işləri aparılıb.

Vətəndaşlarımızdan bir daha xahiş edirik, təbiəti, ətraf mühiti çirkləndirməyək və şəhərimizi məişət tullantıları ilə zibilləməyək.