2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafada Kitab bayramı keçirilib.

"Unikal" xəbər verir ki, bayram tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti və Tovuz-Qazax Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ağstafa şəhəri, Səməd Vurğun adına istirahət parkında keçirilib. 

İctimai-mədəni tədbirdə Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin irsindən, eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həyat və fəaliyyətindən bəhs edən kitablar, milli nəşr mədəniyyətimizdən nümunələr, Azərbaycan klassiklərinin və çağdaş ədəbiyyatımızın, eləcə də dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, ağstafalı yazarların nəşrləri sərgilənib.  

Tədbirdə çıxış edən natiqlər Kitab bayramının keçirilməsinin yüksək əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə daim diqqət yetirib. Bunun nəticəsidir ki, Ulu Öndərin hakimiyyəti illərində bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binaları tikilib, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlər həyata keçirilib, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımlar atılıb. Hazırda bu sahənin təkmilləşdirilməsi və zənginləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioritetləri sırasında xüsusi yer tutur.

Uşaqların təqdimatında bilik mənbəyi olan kitaba həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, incəsənət nümayəndələri milli-mənəvi dəyərlərimizi ehtiva edən ifalar edib, musiqilər səsləndiriblər. 

Sonda rayonda təşkil olunan mədəni kütləvi tədbirlərdə fəal iştirak edən bir qrup şəxs müvafiq Fəxri Fərmanla təltif olunub.