İspaniyada aprelin 28-də baş vermiş güclü elektrik kəsilməsi nəticəsində azı 5 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə "El Pais" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Ourense əyalətində (Qalisiya) üç ailə üzvünün - bir kişi, bir qadın və onların oğlunun meyiti tapılıb. İlkin olaraq müəyyən edilib ki, onların ölümünə səbəb nasaz generator olub.
Bundan başqa, Alzira şəhərində (Valensiya əyaləti) 46 yaşlı qadın oksigen təchizatı qurğusunun bağlanması nəticəsində dünyasını dəyişib. Madridin Karabançel rayonunda yanan şamın səbəb olduğu iddia edilən yanğında da bir qadın ölüb.
Elektrik enerjisinin kəsilməsi təkcə İspaniya deyil, Portuqaliya, Fransanın cənubu, Andorra və Belçikanın bir hissəsinə də təsir edib. Elektrik enerjisinin kəsilməsi dəmir yolu xidmətlərini dayandırıb, yüzlərlə aviareys ləğv edilib, xəstəxana və mağazalar müvəqqəti bağlanıb.