Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkil etdiyi avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının ikinci yarış günü başa çatıb.
“Unikal” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən reqatanın ikinci yarış gününü avarçəkənlərimiz üç gümüş, iki bürünc medalla başa vurublar.
Birnəfərlik kayak qayığında 500 metr məsafədə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş, 2011-2012-ci il təvəllüdlü idmançılar arasında Mustafa Vəlizadə bürünc medal qazanıb.
İkinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2011-2012-ci il təvəllüdlü idmançıların mübarizəsində Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü gümüş, Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü isə bürünc medala layiq görülüb.
Birnəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2006-2007-ci il təvəllüdlü idmançıların yarışında isə Nurlan Paşayev fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Xatırladaq ki, reqatanın son final yürüşləri və bağlanış mərasimi mayın 2-də keçiriləcək. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək. Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.
“Prezident Kuboku-2025”ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.
XXX
20:11
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış gününə yekun vurulub.
"Unikal" xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan reqatada müxtəlif məsafələr üzrə kayak-kanoe və akademik növlərdə mübarizə baş tutub.
Günün ilk yarışında Əlimurad Hacızadə (2011-2012) birnəfərlik kayak qayığı ilə 500 metr məsafədə bürünc medal qazanıb. Eyni məsafəyə Əlimurad Hacızadə (2009-2010) ilə Mustafa Vəlizadə/Elmir Tarverdiyev (2011-2012) cütü ikinci, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü (2011-2012) üçüncü yeri əldə edib. Nurlan Paşayev (2006-2007) isə akademik avarçəkmədə gümüş medala sahib çıxıb.
Turnirin ilk günündə Azərbaycan avarçəkənləri üç bürünc mükafata yiyələnmişdilər.
Qeyd edək ki, reqataya mayın 2-də yekun vurulacaq.