“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.

"Unikal" xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan J2-059 nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.

***

10:13

Moskvanın üç hava limanında pilotsuz təyyarələrin hücumu səbəbindən uçuşlar məhdudlaşdırılıb.

"Unikal" xəbər verir ki, Moskvaya uçan təyyarələr bu səbəbdən Rusiyanın Saratov şəhərində yerləşən Qaqarin Beynəlxalq Hava Limanına yönləndirilib. 

"Söhbət Tbilisi (Gürcüstan), Qazipaşa (Türkiyə), Bakı (Azərbaycan), Düşənbə (Tacikistan), Daşkənd (Özbəkistan), Mineralnıye Vodı, Stavropol və Soçidən (iki reys) uçuşlardan gedir. Hazırda təyyarə yerdə xidmət göstərir. Aviaşirkətlərin nümayəndələri sərnişinlərlə əlaqə yaradıb", - Qaqarin Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi xəbərdarlıq edib ki, Moskvaya uçan təyyarələr “hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər səbəbindən” alternativ aerodromlara yönləndirilə bilər.

Gülayə Mecid