"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının yarımfinalının "İnter"lə cavab matçından sonra fikirlərini bölüşüb.

"Unikal" xəbər verir ki, Kataloniya klubu öz meydanında 3:3 hesablı heç-heçə etdiyi rəqibinə Milanda uduzaraq (3:4) turnirlə vidalaşıb.

Almaniyalı mütəxəssis görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib ki, məğlubiyyətə baxmayaraq, komandası ilə fəxr edir: "Komandam hörmətə layiqdir. Onlar bu hörməti qazandılar. Biz qalib gəlmək üçün oynayırıq, kuboklar qazanmaq istəyirik. La Liqada çox çətin və vacib oyunumuz ("Real"la görüşü nəzərdə tutur - red.) var. Bu oyuna hazırlaşmaq üçün bir neçə günümüz olacaq".

Flik məğlubiyyətin səbəbini sakit başla təhlil edəcəklərini bildirib: "Evə qayıdanda hər bir "Barselona" oyunçusu güzgüyə baxıb özü ilə fəxr edə bilər. Bu matçı sakitcə təhlil edəcəyik və nə edəcəyimizi görəcəyik. Bu nəticə normaldır".