Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Bir Xalqın Taleyini Dəyişən Ömür: Heydər Əliyev – Qəlblərdə Yaşayan Lider" keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən fotosərgi ilə tanış olublar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilən videoçarx nümayiş etdirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunu diqqətə çatdırıb. Qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi olan Ulu Öndər Heydər Əliyev realist bir insan kimi hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan inkişaf edir. Prezident İlham Əliyev həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, milli həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.
YAP Veteranlar Şurasının üzvü, professor Dilarə Seyidzadə vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı Heydər Əliyevin tarixi xidmətləri misilsizdir: “Ulu Öndər Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan əvəzolunmaz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir”.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov çıxış edərək bildirib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksəliş yolunda inamla irəliləyir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri, professor Məleykə Abbaszadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyulub: "Ulu Öndərin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin dünyada layiqli yer tutmasının əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir".
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qeyd etdi ki, bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə aparılan Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır.
Tədbir bədii hissə ilə davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.