Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
Qurumdan "Unikal"a verilən məlumata görə, iclasda 2025/2026-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak etmək “Araz-Naxçıvan” , “Qarabağ” , “Neftçi” , “Sabah” , “Sumqayıt” , “Turan Tovuz” , “Zirə”, qadınlarda isə “Neftçi” ilə “Sumqayıt”a lisenziya verilib.
“Baku Sportinq”, “Difai”, “İmişli”, “Karvan”, “Kəpəz”, “Qəbələ”, “Səbail”, “Şamaxı” Premyer Liqa , “Cəbrayıl”, “Dinamo”, “Hypers Quba”, “Qaradağ Lökbatan”, “Mingəçevir”, MOİK, “Şahdağ Qusar”, “Şəfa”, “Şəmkir”, “Şimal”, “Zaqatala” isə I Liqa üçün lisezniya alıb.
“Araz Saatlı” və “Füzuli” klublarının I Liqada iştirak etməməsi barədə qərar qəbul olunub.
AFFA Yüksək Qızlar Liqasında iştirak üçün “Araz-Naxçıvan”, “Baku Juniors”, “Dirçəliş” və “Qəbələ” kollektivlərinə lisenziya təqdim olunub.
UEFA lisenziyasına müraciət edən lisenziya iddiaçısı Lisenziya Komissiyası tərəfindən qəbul olunmuş qərarı aldıqdan sonra 10 gün ərzində apellyasiya şikayəti vermək hüququna malikdir. Yerdə qalan lisenziya növlərinə müraciət edən lisenziya iddiaçıları üçün isə bu müddət 5 gündür.
Qeyd 1: Azərbaycan futbol klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 14-cü maddəsinə müvafiq olaraq, 2025/2026-cı illər mövsümündə aşağıda göstərilən lisenziyaları alınmış klublar avtomatik olaraq digər lisenziya(ları)nı əldə etmiş hesab olunur:
• UEFA-nın kişilər arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Misli Premyer Liqası və I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün I Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
• UEFA-nın qadınlar arasında keçirilən yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm AFFA Yüksək Qızlar Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunurlar.
Qeyd 2: Yuxarıda adları sadalanmayan klublar lisenziya prosesinə qoşulmaqdan imtina edib.