"Prezident İlham Əliyev mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan ilə Vyetnam arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini əhatəli şəkildə dəyərləndirdi. Dövlət başçısının fikirləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dövlətlərarası əməkdaşlığın genişləndiyini bir daha təsdiqləyir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, Azərbaycan-Vyetnam əlaqələrinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə edir:

"1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər etmişdir. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri isə münasibətlərin daha da möhkəmlənməsinə mühüm təsir göstərmişdir. O dövrdən başlayaraq ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq inkişaf etmişdir.

2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın ölkəmizə rəsmi səfəri dövlətlərarası əlaqələrin inkişafına önəmli töhfə verib. 

İki dövlət arasında iqtisadi əməkdaşlıq münasibətlərin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkələrimiz enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə işbirliyinin dərinləşməsində maraqlıdır. Tərəflər arasında ticarət dövriyyəsinin artması və investisiya təşəbbüslərinin irəli sürülməsi yeni perspektivlər yaradır. Dövlətimizin başçısı müsahibəsində 2024-cü ildə Azərbaycan və Vyetnam arasında əmtəə dövriyyəsinin 223,93 milyon ABŞ dolları təşkil etdiyini və bu göstəricinin gələcəkdə daha da artacağına dair potensialın mövcud olduğunu qeyd edib. 

Azərbaycan ilə Vyetnam arasında enerji sahəsində də əhəmiyyətli irəliləyişlər qeydə alınıb. 2019-cu ildə Azərbaycanın SOCAR və Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” neft şirkətləri arasında imzalanmış müqavilə bu sahədə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Eyni zamanda, Azərbaycan şirkətləri Vyetnam bazarında fəaliyyətlərini genişləndirərək yeni investisiya layihələrinin reallaşdırılması istiqamətində mühüm addımlar atıblar. 

İki ölkənin dost xalqlarının bir-birinin zəngin mədəni irsinə və ənənələrinə böyük marağı var. Hazırda Vyetnamda təhsil alan azərbaycanlı tələbələrin sayının artması münasibətlərin humanitar aspektdə inkişaf etdiyini sübut edir, onların gələcəkdə bu ölkənin ictimai və iqtisadi həyatında fəal rol oynayacağına şübhə yoxdur. 

Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr ölkələrarası əməkdaşlığın genişlənməsinə stimul yaradır. 2018-ci ildə Fond tərəfindən Ha Giang əyalətində inşa edilən ibtidai məktəb iki ölkənin münasibətlərində humanitar əməkdaşlıq nümunəsi olmaqla yanaşı, Azərbaycanın Vyetnam cəmiyyətində nüfuzunun artmasına töhfə verib. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ilin aprelində Vyetnama səfəri çərçivəsində həyata keçirilən layihələrə verdiyi dəstək və bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə dair ifadə etdiyi niyyət isə tərəfdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm bir addım kimi dəyərləndirilir.

Vyetnamın təbii gözəllikləri və zəngin mədəni irsi böyük turistik potensiala malikdir. Bu dövlətin turizm sahəsində təcrübəsi Azərbaycan üçün yeni imkanlar yarada bilər. Dövlətimizin başçısının vurğuladığı kimi, Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. 

Azərbaycan ilə Vyetnam arasında siyasi və iqtisadi əməkdaşlıq dinamik inkişaf edir və strateji istiqamətlər üzrə daha da genişlənir. Mayın 7-də Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri bu münasibətlərin yeni mərhələdə yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik yaradır. Prezident İlham Əliyev Vyetnam lideri cənab Lamın səfərinin daha fəal əməkdaşlığa mühüm təkan olacağını, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacağını diqqətə çatdırıb".