18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2025) çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib.
"Unikal" xəbər verir ki, Aqrar sahədə innovasiyaların təşviqi, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyan Forumun növbəti panel sessiyası “Təhsil və sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsinə dair dialoq” mövzusuna həsr olunub.
Tədbirdə çıxış edən Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev aqrar sahədə innovasiya, elmi tədqiqat və texnologiyaların tətbiqinin ölkəmizin gələcək inkişaf yolunda açar rol oynadığına diqqət çəkib. Bildirib ki, artıq kənd təsərrüfatına rəqəmsal texnologiyalar, süni intellekt, pilotsuz uçuş aparatları və müasir sistemlər vasitəsilə yanaşılır. Bu dəyişikliklərin mərkəzində universitetlərin dayandığını deyən rektor müasir dünyada ali təhsil ocaqlarının bilikləri real məhsul və xidmətlərə çevirərək iqtisadi dəyər yaradan əsas oyunçular olduğunu fikirlərinə əlavə edib. Tədqiqatların kommersiyalaşdırılması, universitet-sənaye əməkdaşlığının önəmini vurğulayan rektor, həmçinin BMU-da nəticəyönümlü təşəbbüslərin irəli sürüldüyünü, universitetin nəzdində fəaliyyət göstərən Texnoparkın imkanlarını nəzərə çatdırıb. Bildirib ki, burada aqrar texnologiyalar sahəsində müxtəlif layihələr-aqrar təyinatlı pilotsuz uçuş aparatları, süni intellekt əsaslı layihələr, məhsuldarlığın proqnozlaşdırılması və s. icra olunur, eyni zamanda tələbə və tədqiqatçılara biznes modeli qurmaq, investisiya cəlb etmək, məhsulu bazara çıxarmaq bacarıqları öyrədilir.
Çıxışda o cümlədən, sənaye tərəfdaşları ilə qurulan strateji əlaqələr, birgə istehsal, texnologiya transferi və ixracyönümlü layihələrin icrasının gündəmdə olmasından ətraflı bəhs edilib. Bu baxımdan BMU-nun Türkiyənin “Sapmaz Havacılık” və Azərbaycanın “Technocare” şirkətləri ilə həyata keçirəcəyi kənd təsərrüfatı dronlarının istehsalı layihəsi nümunə kimi önə çəkilib. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə BMU bu layihənin akademik tərəfdaşı olaraq çıxış edəcək. Əməkdaşlıq nəticəsində elmi potensial və sənaye təcrübəsi sintez olunaraq real bazar məhsulu formalaşacaq.
Yaqub Piriyev çıxışının sonunda BMU-nun aqrar sahədə, xüsusilə texnologiya istiqamətində təşəbbüslərə elmi dəstək verməyə daim hazır olduğunu söyləyib və elmi tədqiqatların real həyata təsir göstərməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, tədbir çərçivəsində ali təhsil müəssisələrinin rektorları 18-ci Caspian Agro-2025-i ziyarət edib, aqrar startapların müəllifləri olan tələbələrlə görüşüblər. Sərgidə BMU tələbələrinin “Aqrar təyinatlı dron”, “Yaşıl texnologiya startapı-FOSIN”, “Smart Jilet” və “Avtomatik idarəetmə paneli” layihələri nümayiş etdirilib.