Bakı Dövlət Universitetinin (BDU) Faydalı qazıntılar muzeyinin BP və şirkətin Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının (“SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies”) dəstəyi ilə əsaslı təmirdən sonra açılışı olub.
"Unikal" xəbər verir ki, BDU-da tədris infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsinə yönəlmiş bu layihə Azərbaycanın zəngin geoloji irsi, təbii ehtiyatları və bu sahədəki elmi nailiyyətlərinə dair məlumatları əhatəli şəkildə təqdim etmək məqsədilə yaradılıb.
Muzeyin açılışında çıxış edən rektor Elçin Babayev bildirib ki, Faydalı qazıntılar muzeyi elm-tədris-sənaye əməkdaşlığının ən gözəl nümunəsi hesab edilə bilər. Məkan kitabxana-muzey-tədris laboratoriyası kimi fəaliyyət göstərməklə BDU-da tədris prosesinin keyfiyyətinə öz müsbət təsirini göstərəcək. Muzey yalnız BDU tələbələri deyil, digər universitetlərin tələbələri, orta məktəb şagirdlərinin üzünə də açıq olacaq. BDU ölkənin ən qədim universiteti kimi öz tarixi və dünya şöhrətli məzunları ilə fəxr edir. Tarixi ənənələri davam etdirən Universitetdə son illər rəqəmsallaşma istiqamətində ciddi addımlar atılıb. Rektor belə interaktiv təlim və tədris mərkəzi yaratdığına görə BP şirkəti və tərəfdaşlarına təşəkkür edib. O bildirib ki, BP şirkəti son illər BDU-da bir çox sosial layihələr həyata keçirib, bunlar Universitetin həyatına rəngarənglik qatıb. Rektor xatırladıb ki, muzeydə 1997-ci ildən akademik Musa Əliyev adına kabinet fəaliyyət göstərib: “Bizim üçün fəxrdir ki, görkəmli elm və dövlət xadimi, akademik Musa Əliyev öz kitabxanasını məhz BDU-ya bağışlayıb. Muzeyin əsaslı təmiri zamanı həmin kitabxana da rəqəmsallaşdırılaraq müəllim və tələbələrimizin ixtiyarına verilib. Mən bu işə göstərdiyi dəstəyə görə ADA Universitetinin rektoru, professor Hafiz Paşayevə təşəkkür edirəm”.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayev akademik Musa Əliyevin Azərbaycanda geologiya elminin inkişafına öz fundamental tədqiqatları ilə layiqli töhfələr verdiyini, yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərdiyini, onun AMEA-nın prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. O, BDU-nun Azərbaycan elmi, təhsili, tarixi, mədəniyyəti üçün daim maariifləndirici bir ocaq olduğunu xatırladıb, Faydalı qazıntılar muzeyinin fəaliyyətinə uğurlar arzulayıb.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd edib ki, bu layihə şirkətin ölkədə təhsilə və digər mühüm sosial inkişaf sahələrinə davamlı dəstəyinin gözəl nümunəsidir: “Tərəfdaşlarımızla birlikdə çox məmnunuq ki, artıq bir əsrdən çox tarixi olan və aparıcı, nüfuzlu təhsil müəssisəsi kimi geniş miqyasda tanınan Bakı Dövlət Universiteti bu cür unikal bir mərkəzə sahib olacaq”. BP-nin regional prezidenti 2019-cu ildən başlayaq BDU ilə əməkdaşlıq müqaviləsi çərçivəsində bir çox uğurlu layihələr həyata keçirildiyini bildirib. O, bu mərkəzin geoloji və geofiziki biliklərin zəngin məlumat bazasını innovativ şəkildə təqdim etməyə imkan yaradacağını, BDU-da interaktiv təhsilə fayda verəcəyini bildirib: “Ümid edirik ki, tələbələr və digər ziyarətçilər ölkənin təbii ehtiyatlarının əsrarəngiz müxtəlifliyini və onun diqqətəlayiq geoloji irsini dərindən anlayacaq və dəyərləndirəcəklər”.
Milli Məclisin sədr müavini, BDU-nun professoru, akademik Rafael Hüseynov, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə çıxışlarında akademik Musa Əliyevin Azərbaycan xalqı və elmi qarşısında xidmətlərindən danışıb, Faydalı qazıntılar muzeyinin elm, təhsil, tədqiqat və texnologiya mərkəzi kimi faydalı olacağına əminliklərini bildiriblər.