İndoneziyanın "Tanqeranq Hoks" basketbol komandasının keçmiş oyunçusu Carred Dueyn Şou sözügedən ölkədə həbs edilib. 

"Unikal" fanat-a istinadən xəbər verir ki, 34 yaşlı amerikalı narkotik qaçaqmalçılığı ittihamı ilə gözaltına alınıb. 

Onu ölüm cəzası və ya ömürlük həbs gözləyir.

Soekarno-Hatta beynəlxalq hava limanında Taylanddan gətirilmiş 20 bağlamanın içərisində aşkar edilən təxminən 870 qram marixuananın Şouya məxsus olduğu üzə çıxıb və belədə o, öz mənzilində polis tərəfindən saxlanılıb. İstintaqın məlumatına görə, basketbolçu bu məhsulu tanışı vasitəsilə alıb və onu digər idmançılar arasında paylamağı planlaşdırıb.

Carred Şou özü də günahını qismən etiraf edib - o, marixuananı şəxsi istifadəsi üçün aldığını və yalnız məşqdən sonra ondan istifadə etdiyini bildirib. Bununla belə, İndoneziyanın narkotiklərlə mübarizə qanunları bu cür cinayətlərə görə 20 ildən ömürlük həbsə və ya hətta ölüm cəzasına qədər həddindən artıq sərt cəza nəzərdə tutur.

Qalmaqalın fonunda "Tanqeranq Hoks" klubu anlaşmanın şərtlərini pozduğu üçün amerikalı ilə müqaviləni dərhal ləğv edib. Bundan əlavə, futbolçu İndoneziya Basketbol Liqasından ömürlük uzaqlaşdırılıb.