41 ədəd qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirməyə cəhddə təqsirləndirilən Əfsər Mirzəliyevin və Səfər Səfərovun cinayət işinin məhkəmə baxışı keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovavanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənlərə ittiham aktını elan edib.

Təqsirləndirilənlərin hər ikisi elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

Bəlli olub ki, təqsirləndirilən şəxs gömrük nəzarət buraxılış məntəqəsindəki yoxlamadan yayınaraq, hava limanındakı sanitar qovşaqlarından birinə daxil olaraq üzərindəki ziynət əşyaları olan bağlamanı zibil qutusuna atıb. Onun bu əməli gömrük nəzarətçiləri tərəfindən aşkar olunaraq protokollaşdırılıb.

İstintaqla o da müəyyən edilib ki, Səfər Səfərova qaçaqmalçılıqla qızılı gömrük nəzarətindən kənar keçirməyə yardım edən isə Dövlət Gömrük Komitəsinin məmuru Əfsər Mirzeliyev olub.

Məhkəmədə sərbəst ifadə verən şahid gömrük əməkdaşı olduğunu deyərək hadisə baş verən gün xidmətdə olduğunu deyib.

"Səfər Səfərovu biz saxlayaraq idarəyə apardıq. Daha sonra mənə bildirdilər ki, hava limanında ayaqyoluna yaxınlaşaraq zibil qutusuna baxış keçirim. Həmin zibil qutusuna baxanda qara bükülü sellofan torba aşkar edərək təhvil verdim".

Digər şahid, Dövlət Gömrük Komitəsində mühafizəçi vəzifəsində çalışan şəxs təqsirləndirilən Səfər Səfərovu əvvəllər də tanıdığını deyib. Hava limanında çalışdığını bildirən şahid onun qızıl gətirməyi ilə bağlı hər hansı bir məlumatının olmadığını deyib. Ona telefon gətirməyi sifariş etdiyini bildirib.

Şahidin ifadəsində ziddiyətlər olduğundan onun ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib.

Şahidin istintaqdakı ifadəsindən bəlli olub ki, Səfər Səfərov telefon vasitəsilə onunla danışaraq qızıl gətirmək istədiyini və buna görə də ondan hava limanındakı müəyyən maneələrdən keçirməyə yardim istəyib. Şahidin ifadəsi zamanı bəlli olub ki, o, Səfər Səfərovla bu sövdələşməyə razı olmayıb.

Şahid bu istintaqda belə bir ifadə verməməyini deyib.

"Mən onunla heç bir qızıl söhbətini etməmişəm, o mənə telefon gətirməliydi".

Qeyd edək ki, Səfər Səfərov 22 dekabr 2024-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərkən saxlanılıb.

Təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Seymur Əli