"Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulduğunu təsdiqləyir. Səfər çərçivəsində aparılan danışıqlar, mətbuata verilmiş bəyanatlar və qarşılıqlı razılaşmalar Azərbaycan-Macarıstan əməkdaşlığının strateji mahiyyətini və gələcəyə yönəlik potensialını nümayiş etdirir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, hər iki ölkə əhalisinin sayı, ərazi baxımından bənzərliyi, açıq dənizlərə çıxışın olmaması və müharibə vəziyyətində olan qonşularla sərhəddə yerləşməsi onların beynəlxalq münasibətlərdə oxşar çağırışlarla üzləşdiyini sübut edir. Bu amillər qarşılıqlı anlaşmanı və siyasətdə həmrəylik ruhunu möhkəmləndirir.

"Cari ildə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün Macarıstanın təşəbbüsü ilə keçirilməsi bu ölkənin türk dünyasına olan dost münasibəti, eləcə də ortaq tarixi və mədəni köklərə bağlılığının bariz göstəricisidir. Macarıstan ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr, o cümlədən Azərbaycan arasında ticarət, iqtisadiyyat, enerji, təhsil, kənd təsərrüfatı, innovasiya və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Mövcud siyasi iradə və qarşılıqlı etimad fonunda bu sahələrdə həyata keçirilən birgə layihələr türk dövlətləri arasında regional və beynəlxalq miqyasda əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Enerji sahəsində ikitərəfli əməkdaşlıq Azərbaycan-Macarıstan münasibətlərində xüsusi yer tutur. Macarıstan şirkətləri “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi əsas neft-qaz layihələrində pay sahibidirlər. Bundan əlavə, ölkəmiz ötən ildən etibarən Macarıstana təbii qaz ixracına başlayıb. 

Milli maraqları üstün tutmaq, xarici təsirlərə qarşı siyasi iradə nümayiş etdirmək və yalnız real fayda gətirən təşəbbüslərdə iştirak etmək Macarıstanın xarici siyasət kursunun əsas fərqləndirici xüsusiyyətləri kimi çıxış edir. Bu prinsiplər Macarıstanın müstəqil qərarvermə qabiliyyətini, sabitlik və suverenlik istiqamətində ardıcıl siyasətini nümayiş etdirir.

Azərbaycan-Macarıstan münasibətləri hazırkı mərhələdə qarşılıqlı maraqlar və ümumi dəyərlər üzərində formalaşmış strateji tərəfdaşlıq modelidir. Prezident İlham Əliyevin Macarıstana səfəri dostluq və tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində yeni mərhələ kimi müstəsna əhəmiyyətə malikdir".