Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı daha bir cinayət işi məhkəməyə göndərilib.

"Unikal" xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, 2008-ci ilin fevralında Sarkisyan və onun baş köməkçisi (qeyri-rəsmi olaraq eks-prezidentin kürəkəni Mikael Minasyan olduğu bildirilir) baş nazir vəzifəsində olarkən 2,9 milyon dollar rüşvət alıblar. Bunun müqabilində Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasına mane olmamaq barədə razılığa gəliblər.

İş yekunlaşaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

Qeyd edək ki, Serj Sarkisyan daha iki cinayət işi üzrə ittiham olunur. Onlardan biri neft məhsulları idxal edən “Flesh” şirkətinin mühafizəsi, ikincisi İrəvandakı “Erablur” hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Silva Hambardzumyan dağ-mədən sektorunda işləmək üçün icazə almaq üçün bu illər ərzində yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edib.

Bu ifadələr əsasında cinayət işləri açılıb və bu işlərdə Sarkisyandan başqa, müttəhimlər arasında sabiq prezident Robert Köçəryan, keçmiş baş nazirin müavini Armen Gevorqyan, biznesmen Samvel Mayrapetyan və keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan da var.