İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Uca Allahdan Zati-alinizə cansağlığı və rifah, Azərbaycan xalqına daha da çox tərəqqi və firavanlıq diləyirəm.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və İslam fəaliyyətinin birgə təşviqi məqsədini daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcəkdir.
Üzv ölkələrin xalqları arasında həmrəyliyin gücləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında Zati-alinizin dəstəyinə ümidvaram.
Zati-aliləri cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 16:50
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikası Hökuməti adından və öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.
Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə səmimi münasibətlərə və səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir. Dialoqa, qarşılıqlı hörmətə və tərəfdaşlığa sadiqliyimiz müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verib.
Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq ümumi nailiyyətlərimiz əsasında dərinləşəcək, xalqlarımıza tərəqqi və firavanlıq gətirəcəkdir.
Zati-aliləri, bu əlamətdar gün münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasına və onun vətəndaşlarına davamlı rifah, əmin-amanlıq və tərəqqi arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 15:36
Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, təbrik məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.
İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə səylərlə gələcək illərdə xalqlarımızın mənafeləri, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali missiyanızda uğurlar, Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Dominikan Respublikasının Prezidenti Luis Abinader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm”.
*** 15:22
Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm”.
***
Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:
“Zati-aliləri.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Malta xalqı adından, həmçinin öz adımdan səmimi təbriklərimi çatdırıram.
Bu il Malta Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və ümumi anlaşma əsasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Əminəm ki, dövlətlərimiz arasında münasibətlər gələcək illərdə də inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.
Zatı-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
**** 15:08
İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına İrlandiya xalqı adından və öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox rifah və xoşbəxtlik gətirsin!”
***15:08
İsraildə fəaliyyət göstərən “Sholumi” Dağ Yəhudiləri İrsi Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan Prezident İlham Əliyevi təbrik edib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
“Sholumi” Mərkəzinin adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Müstəqilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
1918-ci il mayın 28-i tarixə Şərqdə ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi daxil olub. Həmin gün azadlığın, milli ləyaqətin, sülhə və tərəqqiyə yönəlmiş səylərin rəmzinə çevrilib.
Müasir Azərbaycan zəngin tarixə, güclü dövlətçilik ruhuna, parlaq mədəniyyətə malik ölkədir. İsrail ilə Azərbaycanın dostluğu təkcə ümumi maraqlara deyil, həm də xalqlarımız arasında formalaşmış dərin hörmətə və etimada əsaslanır.
Əsrlər boyu Azərbaycanda yaşamış dağ yəhudiləri özlərini həmişə bu torpağın bir parçası kimi hiss ediblər. Biz Azərbaycan xalqından gördüyümüz hörmət və dəstəklə bağlı xatirəni qürurla yaşadırıq. Bu səmimi münasibətlər indi də davam edir və əminik ki, daha da güclənəcəkdir.
“Sholumi” Mərkəzi Azərbaycanın çoxmillətli tarixinin tərkib hissəsi kimi dağ yəhudilərinin mədəni irsini qoruyub saxlamağa və yaymağa çalışır. Biz mədəniyyət və qarşılıqlı anlaşma yolu ilə əməkdaşlıq etmək və insanları birləşdirmək imkanından çox məmnunuq.
Cənab Prezident, bu əlamətdar gündə Sizə, həmçinin bütün qardaş Azərbaycan xalqına daim sülh, tərəqqi, xoşbəxtlik və yeni qələbələr arzulayıram".
***11:51
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Maldiv Hökumətinin və xalqının səmimi təbriklərini və xoş arzularını çatdırmaqdan böyük məmnunluq duyuram. Bu tarixi bayram Azərbaycan xalqının müstəqilliyi və öz müqəddəratını təyin etməsi ilə səciyyələnir, onun birliyini və mətanətini simvolizə edir.
Maldiv Respublikası ölkələrimizin mənafeyinə uyğun olaraq ikitərəfli əlaqələri dərinləşdirməyə, tərəfdaşlığı inkişaf etdirməyə sadiqdir.
Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
*** 11:08
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayake Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Şri-Lanka ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa, qarşılıqlı anlaşmaya və ümumi dəyərlərə əsaslanan səmimi dostluq əlaqələri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə daha da genişlənəcək və möhkəmlənəcəkdir.
Zati-alinizin uzaqgörən rəhbərliyi Azərbaycanı sülh, tərəqqi və firavanlıq yolu ilə irəliyə doğru aparmışdır.
Mən, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), xüsusilə də iqlim dəyişikliyi problemi ilə bağlı kollektiv səylərin birləşdirilməsində Azərbaycanın nümunəvi rəhbərliyini yüksək qiymətləndirirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram".