Ermənistanın baş naziri Nikol Paşinyanın erməni kilsələrini “zibil qabılarına” bənzədən bəyanatı dövlət və kilsə arasında qarşılıqlı hörmətin əsaslarını sarsıdır, eyni zamanda cəmiyyətdəki mənəvi tarazlığı təhdid edir.

"Unikal" xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin (AAK) Sünik Yeparxiyasının Primatı yepiskop Makar Akopyan öz "Facebook" səhifəsində bildirib.

"Bu, sadəcə olaraq linqvistik səhv deyil. Dövlət başçısı kilsə haqqında belə sözlərlə danışanda dolayısı ilə dövlətlə kilsə arasında qarşılıqlı hörmətin əsaslarını pozur və cəmiyyətin mənəvi tarazlığına təhlükə yaradır", - deyə o yazıb.

Yepiskopun sözlərinə görə, ruhanilər baş nazirin sözlərindən narahat olublar, çünki bu, yersiz və son dərəcə uğursuz bir müqayisə idi. Akopyan vurğulayıb ki, siyasətçi bu cür bəyanatlarla uzun müddət erməni xalqının mənəvi işığı, milli dözümlülük mənbəyi olan strukturu təhqir edir.

Bundan əvvəl Erməni Apostol Kilsəsinin (AAK) Şirak Yeparxiyasının rəhbəri Mikael Ajapahyan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın kilsəni vergiyə cəlb etmək təklifi “xəstə ağlın bəhrəsi”dir. Onun sözlərinə görə, kilsə öz xidmətində və missiyasında şəffafdır.