Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış “Quacquarelli Symonds” (QS) Agentliyinin təşkilatçılığı ilə Sinqapur şəhərində keçirilən “EduData Summit - 2025” tədbirində “2030-cu ilin universiteti – müəssisəniz necə görünəcək?” mövzusunda keçirilən panel müzakirəsində iştirak edib.
"Unikal" xəbər verir ki, sessiyada hazırda qlobal miqyasda ali təhsildə müşahidə olunan dəyişikliklər, bu dəyişikliklərin universitetlərin fəaliyyətinə təsiri, sənaye və texnologiya şirkətləri ilə yeni əməkdaşlıq modellərinin qurulması və süni intellektə əsaslanan rəqəmsal keçid mərhələsində verilənlərin transformasiya gücündən istifadə etmək üçün innovativ yanaşmaların mümkün etik tətbiqi imkanları mövzularında müzakirələr aparılıb. Rektor Elçin Babayev tədbirdə çıxış edərək BDU-nun bu keçid dövründə strateji mövqeyindən, hədəflərindən, bu istiqamətdə həyata keçirilən layihələrdən və yenilikçi təşəbbüslərdən bəhs edib.
Rektor çıxışında qeyd edib ki, BDU ənənəvi tədris modeli ilə yanaşı, sənaye, texnologiya şirkətləri və beynəlxalq akademik qurumlarla əməkdaşlığı genişləndirməklə tələbələrin müasir ehtiyaclarına cavab verən çevik və rəqəmsallaşmış yeni təhsil mühitinin formalaşdırılmasına çalışır. Bu istiqamətdə süni intellekt əsaslı rəqəmsallaşmanın roluna diqqət çəkərək universitetlərin yalnız bilik ötürən deyil, həm də innovasiya yönümlü insan kapitalını inkişaf etdirən və cəmiyyətin inkişafına töhfə verən institutlar kimi yenidən dizayn edilməsinin vacibliyini vurğulayıb. Həmçinin, BDU-da yaradılan Süni intellekt etikası kafedrasında süni intellektin dərin yan təsirləri ilə mübarizə yollarının araşdırılması, süni intellekt sistemlərinin məqsədyönlü inkişafı və tətbiqi məqsədləri barədə ətraflı məlumat verib.
Paneldə BDU-nun rektoru ilə yanaşı, “Open Story” şirkətinin təsisçisi Siok Siok Tan, “Reactor School”un baş direktoru Xairul Rusydi, “SoMin.ai” platformasının qurucusu Aleks Farseev və sessiyanın moderatoru, QS-in Strateji məzmun meneceri Laura Lightfinch də çıxış ediblər. Müzakirələr zamanı süni intellektin təhsildə rolu, qeyri-ənənəvi təhsil formatlarının yayılması və universitetlərin gələcəkdə hansı imkanlara və əməkdaşlıq modellərinə ehtiyac duyacağına dair məsələlər ön plana çıxıb. BDU-nun “EduData Summit - 2025” beynəlxalq platformasında fəal iştirakı Universitetin qlobal təhsil məkanında artan nüfuzunun və dəyişən reallıqlara uyğun strateji transformasiya istiqamətində uğurlu yol xəritəsinin göstəricisi kimi qiymətləndirilib.