8 iyun 2025-ci il tarixində “Arion Hotel Baku”da “Arpaçay” Karate Birliyinin (AİB) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.
"Unikal" xəbər verir ki, toplantıda idarə heyətinin üzvləri, məşqçilər, hakimlər, idmançılar və fəxri qonaqlar iştirak ediblər.
İclas Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Toplantıda “Zeyd” Döyüş Mərkəzi və “Arpaçay” Karate Klublarının birləşdiyi elan edilib. Səsvermə nəticəsində Əli Əsgərov “Arpaçay” İdman Birliyinə prezidenti seçilib. Yavər Hüseynov birinci vitse-prezident, Cavid Əliyev, İbrahim Əliyev və Hacıağa Əliyev vitse-prezidentlər, Vüqar Kərimov baş katib və Yəhya Babanlı, Samir Alıyev, Aydın Mahmudov isə İdarə Heyətinin yeni üzvləri olublar.
Tədbirdə çıxış edən birinci vitse-prezident Yavər Hüseynov, yeni prezidentə uğurlar arzulayıb və kollektivin onun rəhbərliyi ilə daha da güclənəcəyini bildirib. MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov çıxışında Əli Əsgərovun bu vəzifəyə seçilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Milli Olimpiya Komitəsinin üzvü, 5 qat dünya və 11 qat Avropa çempionu Rəfael Ağayev isə bildirib ki, Əli Əsgərovun rəhbərliyi altında “Arpaçay” İdman Birliyi yeni zəfərlərə imza atacaq.
AİB-in baş katibi Vüqar Kərimov qarşıdan gələn “Zəfər” Kubokuna hazırlıq işləri barədə məlumat verib.
İdarə Heyətinin digər üzvləri – Cavid Əliyev, Qaşqay Ziyəddinoğlu, Mais və Mahir Mədətov, Həsən Quliyev, Roman Heydərov, Toğrul Adilli, Fərahim Sadiq və başqaları da çıxış edərək Əli Əsgərovun prezident seçilməsini idman ictimaiyyəti üçün mühüm hadisə kimi dəyərləndiriblər.
Yeni idarə heyəti üzvlərindən Yəhya Babanlı və Aydın Mahmudov da çıxış edərək göstərilən etimada görə təşəkkür edib, birlikdə idmanın inkişafına töhfə verməyə hazır olduqlarını bildiriblər.
Yəhya Babanlı qeyd edib ki, idmana dövlət qayğısı və Prezidentin dəstəyi sayəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edir. Onun sözlərinə görə, Əli Əsgərovun bu vəzifəyə seçilməsi təşkilatın inkişafında mühüm mərhələ olacaq.
Sonda çıxış edən “Arpaçay”İdman Birliyinin prezidenti Əli Əsgərov göstərilən etimada görə təşəkkür edib, qarşıda duran planların həyata keçirilməsində birgə əməkdaşlığa və kollektiv dəstəyinə arxalandığını vurğulayıb.