“Çox təəssüf ki, təbii fəlakətdən zərər çəkən vətəndaşların bir qisminin evləri, torpaqları sığorta olunmur”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.
“Sığorta olunmadıqda problemlər yaranır, bu da dövlətin üzərinə düşür. Vətəndaşlara çağırış etmək lazımdır. Evlərinizi, mülkiyyətinizi sığortalayın ki, hansısa situasiyada daha ağır vəziyyətə düşməyəsiniz", - deyə deputat bildirib.
Komitə sədri Siyavuş Novruz da bildirib ki, sığorta məsələsi çox ciddi məsələdir: “Hətta meyvə bağlarının, mal-heyvanın və digərlərinin də sığortalanması vacibdir. Bu, böyük qiymət tələb etmir. Hər gün xəbərlərdə görürük ki, bir rayonda üç ev, digərində isə iki ev yandı. Əvvəl-axır vətəndaşlar dövlətin, bələdiyyənin üzərinə gəlir ki, bərpa işlərinə yardımçı olsun. Lakin sığorta etməklə vətəndaş öz problemini həll etmiş olur”.
Anar Kəlbiyev