Azərbaycan badmintonçuları Venesuelada keçirilən "Future" seriyalı beynəlxalq turnirdə iki kateqoriya üzrə gümüş medal qazanıblar.

Bu barədə "Unikal"a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ülvi Hüseynov kişilərin şəxsi yarışında Venesuela, Braziliya və Meksika təmsilçilərinə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda qarşılaşmada İngiltərə badmintonçusuna uduzaraq turniri gümüş medalla bitirib.

Qarışıq qoşa kateqoriyasında Venesuela və Meksikadan olan rəqiblərinə qalib gələrək finala yüksələn Ülvi Hüseynov - Leyla Camalzadə tandemi isə həlledici görüşdə məğlub olub. Meksikalı rəqiblərinə uduzan badmintonçular qarışıq qoşa kateqoriyasında gümüş medal qazanıb.

Xatırladaq ki, badmintonçular daha əvvəl Venesuelada keçirilən açıq turnirdə 3 kateqoriya üzrə qızıl medal əldə edib.