"Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının davamı keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkənin vəkili orderini məhkəməyə təqdim edib.

Bununla yanaşı vəkil müvəkkilinin müraciəti əsasında xəstəliyi ilə əlaqədar prosesə videokonfrans vasitəsilə qoşulmasına görə vəsatət təqdim edib. Məhkəmə vəsatəti təmin etməyib.

Prosesin qapalı keçirilməsi ilə bağlı növbəti dəfə vəsatət verilib. Bu vəsatət də təmin edilməyib.

Təqsirləndirilənin anket məlumatı dəqiqləşdirildikdən sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, "Bəniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib. Onun barəsində Suraxanı rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seymur Əli