Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) təşkilatçılığı ilə ali təhsil müəssisəsində “İdarəetmədə Multikultural Dəyərlər” mövzusunda VIII Respublika elmi-praktik konfransı keçirilib.
"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov çıxışında multikultural dəyərlərin – tolerantlıq, qarşılıqlı hörmət, etnik və mədəni müxtəlifliyin müasir idarəetmənin uğurlu və davamlı şəkildə həyata keçirilməsi üçün əsas prinsipə çevrildiyini diqqətə çatdırıb. “Multikultural yanaşmalar qərar qəbuletmə proseslərini daha çevik və ədalətli edir, eyni zamanda təşkilatlar daxilində sosial harmoniya və əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradır” fikrini xüsusi vurğulayan rektor Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətində multikulturalizmin Azərbaycanda inkişafın əsas dayaqlarından birinə çevildiyini detallı faktlarla isbatlayıb.
Plenar iclasın gündəliyində idarəetmədə elmi və ideoloji yanaşmalar prizmasından xüsusilə iki əsas məruzə diqqətdə saxlanılıb. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru dosent Nəsirulla Nəsirli “Yeni tədris texnologiyaları” mövzusuna dair məruzəsində tədrisdə innovativ yanaşmaların, rəqəmsal platformaların və adaptiv öyrənmə modellərinin idarəetmə sistemlərinə inteqrasiyasından bəhs edib. Eyni zamanda müasir texnologiyaların tələbəyönümlü idarəetmənin inkişafındakı rolundan danışıb.
Tarix elmləri doktoru professor Məhərrəm Zülfüqarlı “İdarəetmədə multikultural dəyərin təminatçısı – azərbaycançılıq ideologiyası” adlı məruzəsi çərçivəsində azərbaycançılığın milli və mədəni müxtəliflik kontekstində idarəetməyə verdiyi töhfəni elmi aspektdən təhlil edib. Bu ideologiyanın ölkəmizdə vətəndaş həmrəyliyinin və ictimai sabitliyin möhkəmlənməsində mühüm rol oynadığını deyib.
Konfransın bölmə iclaslarında ölkənin müxtəlif universitet və elmi-tədqiqat müəssisələrini təmsil edən 60-dan çox iştirakçının çıxışı dinlənilib. Məruzələr süni intellektin və rəqəmsal texnologiyaların idarəetməyə təsiri, korporativ şəbəkələrdə təhlükəsizlik problemləri, turizm və mədəniyyət sahəsində multikultural dəyərlərin rolu, eləcə də idarəetmədə dövlət siyasətinin strateji istiqamətləri kimi məsələlərə həsr olunub.
Konfrans onlayn formatda keçirilib.