Vaşinqton, İranın uranın zənginləşdirilməsi ideyasından imtina etməsi şərti ilə, Tehrana dinc nüvə proqramının inkişafı üçün təxminən 30 milyard dollar investisiya almasına kömək etmək planını nəzərdən keçirir.
"Unikal" xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən CNN televiziya şirkəti məlumat yayıb.
Məlumatıa görə, oxşar ideya ABŞ-nin və Yaxın Şərqin əsas "oyunçuları" tərəfindən bir neçə həftə əvvəl, eləcə də bu həftə müzakirə olunub. O cümlədən, təkliflərdən birində İranın nüvə proqramına 20-30 milyard dollar həcmində investisiyaların ayrılması nəzərdə tutulur və vəsait ABŞ-dən deyil, ərəb ölkələrindən gələcək. Qeyd olunur ki, investisiya məsələsi İran-Amerika danışıqlarının bir neçə raundunda müzakirə olunub. Bundan əlavə, bu mövzu ABŞ prezidentinin elçisi Stiven Uitkoffun Fars körfəzi ölkələrinin nümayəndələri ilə gizli görüşündə qaldırılıb.
CNN ABŞ prezidenti Donald Tramp administrasiyasının adı açıqlanmayan rəsmisindən sitat gətirir: "Birləşmiş Ştatlar bu danışıqları aparmaq istəyir. “Kimsə nüvə proqramı üçün pul ödəməli olacaq, lakin biz bu öhdəliyi götürməyəcəyik”.
CNN qeyd edir ki, digər təkliflər arasında İrana qarşı sanksiyaların qismən yumşaldılması, həmçinin Tehranın xaricdəki dondurulmuş aktivlərinə çıxışının bərpası daxildir. Bundan əlavə, Fordo nüvə obyektinin uranın zənginləşdirilməsini nəzərdə tutmayan nüvə proqramı ilə əvəz edilməsi ideyası nəzərdən keçirilir.