İyunun 30-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda İşçi qrupun rəhbəri və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirdə Dünya Bankı Qrupunun “Business ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il “Yol xəritəsi” üzrə I rüb ərzində görülmüş işlərin müzakirəsi aparılıb və qarşıda duran vəzifələr müəyyən edilib.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.
Nazir müavini bildirib ki, Dünya Bankı tərəfindən Nazirliyə ünvanlanan sorğu anketinə cavab olaraq hesabat xarakterli müvafiq məlumatlar yanvar ayının əvvəlində aidiyyəti üzrə təqdim edilib və həmin göstəricilərə əsasən “Business ready” hesabatının 2025-ci il oktyabr ayında dərc ediləcək növbəti nəşrində Azərbaycan üzrə qiymətləndirmə ilə tanış olmaq mümkün olacaq.