"Həm kədərliyəm, həm qürurluyam. Oradakı doğmalarım zülm altındadırlar, bəziləri həbsdədir. Amma dövlətimizin də şəfqətli, qüdrətli əli onların üstündədir. Mən bundan əminəm".

"Unikal" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli söyləyib.

"Cənazələrimiz təhvil verildi. Artıq Vətən ərazisində, Vətən torpağındadırlar. Onların nəşi sabah Ağcəbədi rayonunda öz ata-analarının məzarına yaxın yerdə, mübarək Vətən torpağına tapşırılacaq. Bu şərait yaradıldı, mənim yarama su səpildi. Mən böyük bir mənəvi dəstək gördüm.

Bütün bu işlər Dövlətimizin rəhbərinin uca diqqəti, qayğısı sayəsində uyğun strukturlar tərəfindən yüksək səviyyədə həyata keçirildi. Cənazələrimi təhvil aldım. Əzabkeş qardaşlarım, heysiyyəti, ləyaqəti uğrunda canını qurban vermiş, Rusiyanın amansız rejiminin qanlı pəncələrində canını tapşırmış mənim qardaşlarım və Azərbaycanın iki ləyaqətli övladı artıq cənazə kimi Vətənə qovuşublar. Tarixən biz çox qurbanlar vermişik. Təəssüf ki, bu qurbanların böyük bir qismini məhz Rusiya zülmünə görə vermişik. Ümidvaram ki, bu, artıq o qurbanlar silsiləsinin son həlqəsi olacaq. Çünki dövlətimizin gücü, qüdrəti, qətiyyəti, dövlətimizin möhtərəm başçısının müdrik siyasəti mənə böyük ümid verir. Xalqın bir övladı olaraq bütün xalqda bu inamın olduğunu görürəm. Dünyanın əksər yerlərində soydaşlarımız bu dəstəyi mənə hiss etdirirlər. Azərbaycan dövlətinin indiki vaxtda nə qədər qüdrətli və hər bir vətəndaşının qədir-qiymətini bilən, onlara sahib çıxan, hətta haradasa zülmə uğrayıb, işgəncə görüb, dünyasını dəyişsə belə, cənazə halında alınıb Vətənə gətirilib torpağa tapşırılmasını belə təşkil edə bilir. Bu, bizə böyük mənəvi güc verir. Dövlətimizin başçısına ürəkdən minnətdaram. Dərin kədər içində olsam da, xalqımıza başsağlığı verirəm. Çünki bu, bizim xalqımıza verilmiş bir gözdağıdır, insanlarımıza divan tutmaq cəhdidir. Təəssüf ki, onun bir qisminə nail oldular. Mənim elimin-obamın insanları bizə dəstək verdilər. Çox minnətdaram. Var olsun Azərbaycan dövləti! Yaşasın Azərbaycan dövlətinin rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyev", - deyə S.Hüseynli qeyd edib.

O bildirib ki, cənazələr məhkəmə tibbi-ekspertizasına təqdim ediləcək. Daha sonra mərhumların dəfni olacaq.

Nuranə Abbasova