Xalq artisti Emin Ağalarov Kalininqradda keçirilməsi planlaşdırılan konsertinin təxirə salınmasının səbəbini açıqlayıb.
"Unikal" xəbər verir ki, "RBK"ya danışan Ağalarov konsertinin "iş qrafikində dəyişiklik" səbəbindən təxirə salındığını bildirib.
"Bu məkan regionda ən populyardır, ona görə də biz yaxın tarixləri razılaşdıra bilmədik. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik. Mən Svetloqorska gəlməyi çox istəyirəm. Konsert mütləq 2026-cı ildə baş tutacaq", - deyə müğənni qeyd edib.
Qeyd edək ki, konsert iyulun 6-da Kalininqrad vilayətinin Svetloqorsk şəhərindəki Yantar zalında baş tutmalı idi. Şou-proqram 5 iyul 2026-cı ilə qədər təxirə salınıb.
Bundan əvvəl Rusiya Mədəniyyət Nazirliyi Azərbaycan vətəndaşlarının Rusiyada mədəni tədbirlərdə iştirakına qadağa qoyulmasını təkzib etmişdi.
“Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimovanın “Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasının ərazisində mədəni tədbirlərdə iştirakının və musiqi məzmununun yayılmasının məhdudlaşdırılması ilə bağlı tövsiyələrin təsdiq edilməsi haqqında” əmr imzalaması barədə yayılan məlumat tamamilə yanlışdır”, - deyə idarədən bildirilmişdi.
*** 09:34
Xalq artisti Emin Ağalarov Rusiyada planlaşdırılan konsertini təxirə salıb.
"Unikal" xəbər verir ki, iş adamı iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.
Emin özü məlumat yayaraq konsertin 2026-cı il iyulunda keçiriləcəyini yazıb.
Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.
Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Denis Maydanov bildirib ki, Rusiya Emin Ağalarovun və digər azərbaycanlı sənətçilərin və musiqiçilərin konsertlərinə qadağa qoymayacaq.
Onu da deyək ki, Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) azərbaycanlı iş adamı Araz Ağalarova qarşı icraata başlayıb.
Ağarza Elçinoğlu