Ankara Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə Xarici İşlər Nazirliyindəki məxfi strukturlarına qarşı araşdırma başladıb. Bu çərçivədə 4-ü hazırda aktiv vəzifədə olan ümumilikdə 25 nəfər barəsində həbs qərarı verilib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluğun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalarda şübhəlilərin FETÖ-nün gizli əlaqə vasitəsi olan ByLock proqramından istifadə etdikləri, ardıcıl şəkildə taksofon və sabit xəttlərdən əlaqə saxladıqları, həmçinin barələrində təşkilat üzvü olduqlarına dair şahid ifadələrinin olduğu müəyyən edilib.
Saxlanılmasına qərar verilən şəxslərdən 19-u FETÖ ilə əlaqələrinə görə peşədən xaric edilmiş keçmiş diplomatlar, 4-ü hazırda Xarici İşlər Nazirliyində çalışan şəxslər, 2-si isə digər dövlət qurumlarında fəaliyyət göstərənlərdir.
Ankara mərkəzli əməliyyat çərçivəsində ölkənin 8 vilayətində Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Gülayə Mecid