"DTX bəzi kameraların icazəsiz şəkildə internet üzərindən izlənildiyini və görüntülərin xarici saytlarda yayımlandığını aşkarlayıb. Bu çox ciddi bir insidentdir".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib. 

O bildirib ki, burada söhbət sadəcə texniki boşluqdan yox, bu kameraların əhatəsinə düşənlərin də fərdi məlumatları və şəxsi həyatının toxunulmazlığının pozulmasından da gedir.

"İndiki halda DTX-nin fəaliyyəti nəticəsində kibermüdaxiləyə məruz qalmış kameralar müəyyən olunub.Kameralarda texniki boşluqlar aşkarlanıb. Xarici istehsalçı şirkətdən təhlükəsizlik tədbirləri tələb olunub. Bu hadisə bir daha göstərir ki, Azərbaycanda fərdi məlumatların mühafizəsi sahəsində qanunvericilik və nəzarət mexanizmləri təkmilləşdirilməlidir. Fərdi məlumatların qorunmasına dair qanunvericilik Avropa standartlarına (GDPR) uyğunlaşdırılmalıdır. Nəzarət və cərimə mexanizmləri gücləndirilməlidir.

Bildiyim qədər RİNN tərəfindən belə bir qanun layihəsi hazırlanıb. Bir neçə dəfə bu istiqamətdə açıqlamalar olub. Lakin layihə müzakirəyə çıxarılmayıb", - deyə Osman Gündüz bildirib.