08 iyul 2025-ci il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, Fövqəladə Hallar Nazirliyinin  təşkilatçılığı ilə “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın gücləndirilməsi, birgə fəaliyyətin təşkili və mövcud problemlər” mövzusunda seminar-müşavirə keçirilib.

"Unikal" xəbər verir ki, müşavirədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzlərlə  İşin Təşkili, Layihələrin İdarə edilməsi və təhsil məsələləri üzrə Baş İdarəsinin Regional Mərkəzlərlə İşin Təşkili İdarəsinin rəisi Ceyhun Salmanov,  Fövqəladə Hallar Nazirliyinin  Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev, Rayon Fövqəladə Hallar Komissiyalarının rəhbərləri, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə   Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər.

Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər müşavirədə çıxış edərək İcra Hakimiyyəti ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyətindən, fövqəladə halların xəbərdar edilməsi ilə bağlı bu sahəyə cavabdeh qurumların koordinasiyasının təkmilləşdirilməsinin əhəmiyyətindən, FHN-in Qarabağ Regional Mərkəzi ilə birgə əlaqələrin səmərəli təşkilindən bəhs ediblər.
Həmçinin rayon ərazisində fövqəladə halların qarşısının alınması sahəsində görülmüş işlər, mövcud problemlər, qarşıda duran vəzifələr müzakirə olunub, təkliflər səsləndirilib, aidiyyəti üzrə tapşırıqlar verilib.